пятница, 4 июля 2014 г.

Dörd məzhəbə görə Ramazan orucu üçün niyyət etmək məsələsi

Bilirik ki, əməlin Allah tərəfindən qəbul olması üçün labüd olan şərtlərdən biri də, əməli etməmişdən öncə düzgün bir şəkildə niyyət etməkdir. Bunun dəlili Allah Rəsulunun sallallahu aleyhi və səlləm bu hədisidir: "Əməllər ancaq niyyətlərə görədir." Buxari və Muslim

Bu yazımızda, əhli-sünnətin üzərində ittifaq etdiyi dörd məzhəbin, Ramazan orucu üçün edilən niyyət barədə görüşlərini sizə təqdim edəcəyik.



İlk öncə onu qeyd edək ki, məzhəblərin dördünün də ittifaqı ilə, oruc üçün niyyət etmək vacibdir. Niyyət etməyən bir kəsin tutduğu oruc səhih (keçərli) sayılmır. Niyyəti qəlbdə etmək kifayətdir . Həmçinin səhurda oruc tutmaq məqsədilə yeyib içmək də niyyətdir. Təqlid etdiyim məzhəb Əhməd bin Hənbəlin rahiməhullah məzhəbi olduğu üçün, Allahın izni ilə onların görüşləri ilə başlayacam.

Hənbəli məzhəbinə görə Ramazan orucu üçün, hər gün üçün ayrılıqda, gün batandan fəcr doğana (dan yeri sökülənə) qədər niyyət etmək vacibdir. Əks təqdirdə oruc səhih deyildir. Yəni, əgər bir kəs fəcr (sübh) azanının vaxtına qədər unudaraq vəya yataraq niyyət etməzsə, bundan sonra edəcəyi niyyət keçərli deyil, oruc sayılmır, artıq qəzasını tutmaq vacib olur. Niyyəti təyin etmək vacibdir və bu, Ramazandan bir günün orucunu və ya qəzasını və ya nəzrini və ya kəffarəsini tutacağına niyyət etməkdir. Əgər bir kəs, iftarını açdıqdan sonra sabahkı gün üçün oruc tutmağa niyyət edərsə, əgər imsaka oyanmazsa, birbaşa fəcr doğduqdan sonra oyansa da, niyyəti səhihdir və orucu keçərlidir.

İmam Şafii’nin məzhəbində də eyniylə İmam Əhmədin rahiməhumullah məzhəbində olduğu kimidir.

Hənəfi məzhəbində də, digər iki məzhəbdə olduğu kimi, hər gün üçün ayrılıqda niyyət etmək lazımdır. Oruc üçün quşluq vaxtının son hissəsinə qədər (günortadan 1-2 saat öncəyədək) niyyət etmək caizdir. Yəni, bir kəs yatıb qalaraq niyyət etməyi unudarsa, birbaşa hava işıqlaşdıqda oyanarsa, oruca niyyət edib davam etməsi caizdir. Qeyd olunan vaxtdan sonra edilən niyyət keçərli deyildir. Hənəfi məzhəbində niyyəti təyin etmək vacib deyil. Yəni, əgər bir kimsə Ramazan ayında başqa bir vacib oruca və ya nafilə bir oruca niyyət eləmiş olsa, səhih olan görüşə görə o Ramazan orucuna sayılır.

İmam Malik və əshabının rahmətullahi aleyhim görüşünə görə, Ramazan ayı üçün, yalnız ayın başlanğıcında, bütün ayı oruc tutmağa niyyət edərsə, bu o şəxs üçün kifayətdir. Yəni, hər axşam gün batandan fəcrə qədər niyyət etməsi vacib deyildir, bir dəfə niyyət etməklə bütün ramazanı oruc tuta bilər. 

Qeyd: Hənbəli və Şafi məzhəblərini təqlid edənlər hər hansısa bir üzrdən dolayı fəcrə qədər niyyət edə bilməsələr, o zaman Hənəfi məzhəbini təqlid edərək quşluq vaxtının son hissəsinə qədər niyyət etmələri bəzi alimlər tərəfindən caiz görülmüşdür. Bir kəsin Ramazanın əvvəlində, unutmaq qorxusu ilə Maliki məzhəbini təqlid edərək bütün ramazan üçün niyyət etməsinin icazəli olduğunu bəyan edən əhli sünnət alimləri də mövcuddur. 






Комментариев нет:

Отправить комментарий